YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının üzvləri Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olublar

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatında olublar.

Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Nurlana Əliyeva bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Nurlana Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir” – deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.

Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. Nurlana Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.

YAP Qadınlar Şurasının sədri qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Onun sözlərinə görə, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Şübhə yoxdur ki, bundan sonra da bu siyasət davam etdiriləcək.  Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”.

Pansionatın direktoru Qətibə Əsədova çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq edib. O qeyd edib ki, pansionatın sakinləri dövlətin qayğısı ilə əhatə olunub.

Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub.

Görüş konsert proqramı ilə davam edib.